PeakPin Biznes Xidmətlərinin Publik Ofertası

Versiya: 4.1 · Dərc tarixi: 30 oktyabr 2026 · Qüvvəyə minmə: 1 noyabr 2026; mövcud Sifarişçilər üçün 13.1-ci bəndə uyğun olaraq
Bu sənədin hüquqi qüvvəyə malik yeganə mətni Azərbaycan dilindədir. İngilis tərcüməsi mövcud deyil; uyğunsuzluq halında Azərbaycan dilindəki mətn üstünlük təşkil edir.

1. ÜMUMİ MÜDDƏALAR

1.1. Bu sənəd Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq publik ofertadır — "PEAKPİN" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra — İcraçı) PeakPin mobil tətbiqində (bundan sonra — Platforma) biznes obyektinin profilinin yerləşdirilməsi üzrə xidmətlərin göstərilməsinə dair rəsmi təklifidir.

1.2. Ofertanın aksepti (qəbulu) Platformada biznes profilinin yaradılması zamanı "Şərtləri oxudum və qəbul edirəm" seçiminin işarələnməsi və ilk ödənişin həyata keçirilməsi ilə baş verir. Bu andan etibarən İcraçı ilə oferta şərtlərini qəbul edən şəxs (bundan sonra — Sifarişçi) arasında ayrıca sənəd imzalanmadan qüvvəyə minən müqavilə bağlanmış sayılır.

1.3. Aksept tarixi, ofertanın versiyası və ödəniş məlumatları Sifarişçinin Platformadakı hesabında qeydə alınır və müqavilənin bağlanmasını təsdiqləyən sənəd sayılır.

1.4. Sifarişçi fiziki şəxs qismində, biznes obyektinin (bundan sonra — Məkan) sahibi və ya səlahiyyətli nümayəndəsi kimi çıxış edir. Sifarişçi Məkanı təmsil etmək və bu müqaviləni bağlamaq səlahiyyətinə malik olduğuna zəmanət verir; bu zəmanətin düzgün olmamasından yaranan nəticələrə görə tam məsuliyyət Sifarişçiyə aiddir.

1.5. Sifarişçinin yazılı tələbi ilə İcraçı eyni şərtlərlə ikitərəfli imzalanan müqavilə tərtib edə bilər. Bu halda imzalanan müqavilənin şərtləri üstünlük təşkil edir.

1.6. İcraçı sadələşdirilmiş vergi ödəyicisidir və 2 (iki) faiz dərəcə ilə vergi ödəyir. Bütün qiymətlər ƏDV-yə cəlb edilmir.

1.7. İşçi hesabları. Sifarişçi Platformada öz Məkanı üzrə üçüncü şəxsləri işçi qismində dəvət edə bilər. Dəvət edilmiş şəxsə yalnız Sifarişçinin seçdiyi rola uyğun məhdud səlahiyyətlər verilir; ödəniş əməliyyatları, Məkan profilinin redaktəsi və silinməsi hər halda Sifarişçidə qalır. Sifarişçi dəvət etdiyi şəxslərin Platformadakı hərəkətlərinə görə öz hərəkətləri kimi tam məsuliyyət daşıyır. Sifarişçi istənilən vaxt işçinin səlahiyyətini ləğv edə bilər; ləğv dərhal qüvvəyə minir.

2. XİDMƏTİN PREDMETİ

2.1. İcraçı Platforma vasitəsilə Məkanın rəqəmsal profilinin yaradılması, yerləşdirilməsi, coğrafi mövqe üzrə istifadəçilərə göstərilməsi və təbliği üzrə xidmətlər göstərir.

2.2. Xidmətlər yalnız mobil tətbiq və onun daxilindəki idarəetmə paneli vasitəsilə göstərilir. Məkan profilinin ayrıca veb-səhifədə yerləşdirilməsi ofertanın predmetinə daxil deyil.

2.3. İcraçı reklam agentliyi deyil və satış həcminə, müştəri sayına və ya konkret kommersiya nəticəsinə zəmanət vermir. Öhdəlik Platformanın işlək saxlanılması və Məkanın razılaşdırılmış formatda göstərilməsi ilə məhdudlaşır.

2.4. Oferta Platformanın İstifadəçi Razılaşması, Məxfilik Siyasəti və İcma Qaydaları ilə tamamlanır.

3. MODULLAR, PAKETLƏR VƏ KATEQORİYA MƏHDUDİYYƏTİ

3.1. Platforma aşağıdakı modulları əhatə edir: (a) kampaniya (təklif) yerləşdirmə; (b) ad günü kampaniyası; (c) Tədbir; (d) PinBox; (e) Növbə (sıraya yazılma) sistemi; (f) Məkan adından Peaks videoları; (g) Analitika; (h) Önə çəkmə (boost); (i) Premium məkan; (j) Açılış reklamı.

3.2. Paketlər. Xidmətlər üç paket şəklində göstərilir: «Sadə abunə», «Pro» və «Max». Hər paketə daxil olan modullar, ödəniş dövrü üzrə saylar (kampaniya, tədbir, PinBox) və paketə daxil olan xidmətlər Platformanın «Paketləri müqayisə et» ekranında Məkanın kateqoriyasına uyğun göstərilir və bu ofertanın ayrılmaz hissəsidir. Bu ofertada «abunə haqqı» dedikdə Sifarişçinin seçdiyi paketin qiyməti nəzərdə tutulur.

3.3. Kateqoriya üstünlüyü. Konkret Məkan üçün əlçatan modullar Məkanın biznes kateqoriyası ilə müəyyən edilir. Paket kateqoriyada olmayan modulu açmır (məsələn, «Max» paketi bərbərxanaya Tədbir modulunu vermir); belə modullar müqayisə ekranında göstərilmir. Bu ofertada təsvir edilmiş, lakin Məkanın kateqoriyasında və ya paketində əlçatan olmayan modullara dair müddəalar həmin Məkana tətbiq edilmir və tərəflər üçün öhdəlik yaratmır.

3.4. Dövr üzrə saylar. Kampaniya, tədbir və PinBox sayları ödəniş dövrü (30 təqvim günü) ərzində yaradılanlar üzrə hesablanır — eyni anda aktiv olub-olmamasından asılı olmayaraq. Limit dolduqda növbəti ödəniş dövrünədək yeni kampaniya (tədbir, PinBox) yaradıla bilməz; kampaniyanın bitməsi, silinməsi və ya müddətinin qurtarması yer açmır. Moderasiyada rədd edilən kampaniya (tədbir, PinBox) limiti tutmur. Ad günü kampaniyaları limitə sayılmır. Limitdən artıq kampaniya, tədbir və ya PinBox üçün ödənişli yol yoxdur — daha yüksək paketə keçmək olar.

3.5. Paketə daxil olan xidmətlər. Paketə daxil olan önə çəkmə (kampaniya və tədbir üçün cəmi), açılış reklamı günü və müqayisə ekranında göstərilən digər daxil xidmətlər həmin ödəniş dövründə istifadə olunur və növbəti dövrə keçmir. Daxil olan önə çəkmə istənilən mövcud müddət seçiminə tətbiq oluna bilər. Önə çəkmə ləğv edilərsə və ya kampaniya (tədbir) moderasiyada rədd edilərsə, istifadə olunmuş daxil olan önə çəkmə geri qaytarılır.

3.6. «Max» paketində premium. «Max» paketi aktiv olduğu müddətdə Məkan avtomatik olaraq Premium məkan sayılır; ayrıca Premium ödənişi qəbul edilmir. «Max» aktivləşən anda Məkanın artıq ödənilmiş Premium müddətinin qalan günləri saxlanılır və «Max» bitdikdən sonra Premium həmin günlər qədər davam edir.

3.7. İcraçı modul və paket tərkibini, kateqoriyalar üzrə əlçatanlığı təkmilləşdirmək hüququna malikdir. Məkanın paketindən əvvəllər əlçatan olmuş modulun çıxarılması barədə 30 (otuz) təqvim günü əvvəlcədən bildiriş verilir.

4. QİYMƏTLƏR VƏ ÖDƏNİŞ

4.1. Paket qiyməti. Paketin aylıq qiyməti hər Məkan (filial) üçün, Məkanın kateqoriyasından asılı olmayaraq, ABŞ dolları ilə müəyyən edilir və Platformanın «Paket seçin» ekranında, ödənişdən əvvəl Sifarişçiyə göstərilir. Ödəniş Sifarişçinin təsdiqi ilə başlayır.

4.1.1. Filial şəbəkəsi. Eyni Sifarişçiyə məxsus bir neçə Məkan Platformada filial şəbəkəsi kimi birləşdirilə bilər. Bu halda şəbəkəyə daxil olan hər filialın paket qiymətinə, şəbəkədəki aktiv filialların sayından asılı olaraq (2–5 filial və 6 və daha çox filial pillələri) endirim tətbiq edilir. Endirim «Paket seçin» ekranında göstərilir. Endirim növbəti ödəniş dövründən qüvvəyə minir; artıq açılmış hesab yenidən hesablanmır.

4.1.2. Kartla ödəniş. Kartla ödənişdə məbləğ Azərbaycan manatı ilə tutulur: dollar qiyməti Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş yaradıldığı günə rəsmi USD/AZN məzənnəsi ilə manata çevrilir. Ekranda hər iki məbləğ göstərilir.

4.1.3. Məzənnənin kilidlənməsi. Ödəniş yaradılan anda məzənnə və manat məbləği 30 (otuz) dəqiqəlik təklif müddətinə kilidlənir; bu müddət ərzində tamamlanmayan ödəniş üçün təzə təklif (günün məzənnəsi ilə) hesablanır. Mərkəzi Bankın rəsmi məzənnəsi texniki səbəbdən əlçatan olmadıqda, ödəniş anında ictimai bazar məzənnəsi və ya son məlum rəsmi məzənnə tətbiq olunur. Növbəti dövrün haqqı həmin dövrün ödənişinin yaradıldığı gündəki məzənnə ilə hesablanır.

4.1.4. App Store. iOS-da ödəniş App Store-un tətbiqdaxili satınalma sistemi ilə, mağazanın göstərdiyi qiymətlə tutulur (Azərbaycan vitrini üçün — ABŞ dolları ilə). Filial pilləsinə uyğun qiymət mağazanın ən yaxın qiymət nöqtəsinə yuvarlaqlaşdırılır. App Store-da paket avtomatik yenilənmir — hər ödəniş dövrü ayrıca alınır.

4.2. Kampaniyalar. Paket üzrə ödəniş dövründə yaradıla bilən kampaniya sayı 3.4-cü bəndə uyğun müəyyən edilir və «Paketləri müqayisə et» ekranında göstərilir. Limitdən artıq kampaniya üçün yerləşdirmə haqqı tutulmur və ödənişli yol nəzərdə tutulmayıb.

4.3. Tədbirlər. Tədbir modulu paketə və Məkanın kateqoriyasına görə əlçatandır; tədbir yaratmaq əlavə ödənişsizdir. Tədbir sayı 3.4-cü bəndə uyğun müəyyən edilir; tədbir üçün ödənişli yol nəzərdə tutulmayıb.

4.3.1. Növbə (sıraya yazılma) modulu paketə daxil olduqda əlavə ödənişsizdir, say limiti tətbiq olunmur.

4.4. Önə çəkmə (boost) — birdəfəlik, könüllü xidmət (paketə daxil olan önə çəkmə — 3.5-ci bəndə görə); həm Məkan profilinə, həm ayrıca kampaniyaya, həm də ayrıca tədbirə tətbiq oluna bilər. Tədbirə tətbiq olunan önə çəkmə tədbirin bitmə vaxtından sonra davam etmir: seçilmiş müddət tədbirin bitişindən uzundursa, xidmət tədbirin bitişi ilə başa çatır və bu, ödəniş anından əvvəl ekranda göstərilir. Mövcud müddət seçimləri və hər seçimin qiyməti Platformada, xidmət sifariş edilərkən göstərilir və ödənişdən əvvəl Sifarişçiyə təsdiqlətdirilir.

4.5. Premium məkan — əlavə, könüllü xidmət; Məkan siyahılarda və axtarışda daha yuxarıda göstərilir və premium nişanı alır. Müddət seçimləri — 1, 3 və 6 ay; hər seçimin qiyməti Platformada, xidmət sifariş edilərkən göstərilir və ödənişdən əvvəl Sifarişçiyə təsdiqlətdirilir. Əvvəllər alınmış 12 aylıq Premium öz müddəti bitənədək qüvvədədir. «Max» paketində 3.6-cı bənd tətbiq olunur.

4.6. Ödəniş avans qaydasında, hər dövrün əvvəlində həyata keçirilir. Ödəniş üsulu: iOS-da — App Store-un tətbiqdaxili satınalma sistemi; Android-də — ödəniş xidməti vasitəsilə ödəniş kartı. PinBox hər iki platformada ödəniş xidməti ilə ödənilir. App Store-da qiymət mağazanın sizin regionunuz üçün göstərdiyi valyutada və məbləğdə tutulur (4.1.4).

4.7. Xidmət ödəniş tarixindən 30 (otuz) təqvim günü müddətinə aktivləşir və Sifarişçi imtina etməzsə növbəti dövrə uzadılır: dövr bitəndə Sifarişçiyə növbəti dövrün ödənişi barədə bildiriş göndərilir. Kartdan avtomatik məbləğ tutulmur; App Store-da paket hər dövr ayrıca alınır.

4.8. Ödəniş İcraçının hesabına daxil olduğu an ödəniş öhdəliyi icra edilmiş sayılır. Ödəniş sistemlərinin komissiyaları İcraçının hesabına aiddir.

4.9. Ödəniş 5 (beş) iş günündən artıq gecikdirildikdə İcraçı profili borc ödənilənədək dayandıra bilər; dayandırılmış müddət üçün haqq yenidən hesablanmır.

4.10. Ödəniş qəbzi elektron formada Sifarişçinin hesabında və e-poçt ünvanında əlçatan olur və ödənişi təsdiqləyən sənəd sayılır. Kartla ödənişin qəbzində paket, Məkan, dövr, dollar qiyməti, tutulmuş manat məbləği, məzənnə və məzənnə tarixi göstərilir. Yazılı tələb əsasında hesab-faktura tərtib edilir.

4.11. İcraçının vergi statusu qanunvericiliyə uyğun dəyişərsə, İcraçı 30 (otuz) təqvim günü əvvəlcədən bildiriş verməklə qiymətlərə düzəliş edə bilər.

4.12. Paketin yüksəldilməsi. «Sadə abunə» → «Pro» → «Max» keçidi dərhal qüvvəyə minir və yeni ödəniş dövrü ödəniş anından başlayır: (a) kartla ödənişdə köhnə paketin qalan tam günlərinin dəyəri gün başına proporsional hesablanır və yeni paketin ilk ödənişindən çıxılır; (b) App Store-da proporsional hesablama mümkün olmadığından köhnə paketin qalan günləri yeni dövrün sonuna əlavə olunur. Həmin dövrdə artıq yaradılmış kampaniya və tədbirlər yeni paketin limitindən çıxılır.

4.13. Paketin endirilməsi. Daha aşağı paketə keçid növbəti ödəniş dövründən qüvvəyə minir; cari dövrün sonunadək hazırkı paketin bütün imkanları qalır. Dövr bitəndə: (a) yeni paketin limitindən artıq aktiv kampaniyalar — Sifarişçinin endirmə zamanı seçdikləri qalır, qalanları dayandırılır (silinmir); seçim edilməyibsə ən köhnələri dayandırılır; daha yüksək paketə qayıdanda dayandırılmış kampaniyalar bərpa olunur; (b) aktiv tədbirlər öz vaxtı bitənədək qalır, yeni tədbir yaradılmır; (c) PinBox elanları dayandırılır, artıq ödənilmiş sifarişlər təhvil verilə bilər (5-ci bölmə); (d) Növbə modulu söndürülür. Endirmə dövrün sonunadək ləğv edilə bilər.

4.14. Köhnə abunəçilər (start üzvləri). Paketlər tətbiq edildiyi anda aktiv ödənişli abunəsi olan Məkan 12 (on iki) ay ərzində əvvəlki (kateqoriya üzrə) aylıq haqqla, «Pro» paketinin bütün imkanları və limitləri ilə (daxil olan önə çəkmə daxil) xidmət almağa davam edir. Bu müddətin bitməsinə 30 (otuz) gün qalmış Sifarişçiyə bildiriş göndərilir; müddət bitdikdən sonra Sifarişçi paket seçməlidir, seçmədikdə dövr sonunda 8A bölməsindəki dayandırma qaydası tətbiq olunur. Köhnə abunəçi istənilən vaxt yeni paketə keçə bilər (4.12), lakin yeni paketdən əvvəlki haqqa qayıtmaq mümkün deyil.

4A. AÇILIŞ REKLAMI

4A.1. «Açılış reklamı» — Platforma açılarkən istifadəçiyə tam ekranda göstərilən qısa şaquli video və həmin videonun Platformada paylaşılan postudur. Reklam həmişə «Sponsor» nişanı ilə göstərilir.

4A.2. Sifarişçi açılış reklamı üçün Platformadakı «Açılışda görün» bölməsi (Platformada göstərildiyi hallarda) və ya İcraçının əməkdaşı vasitəsilə müraciət edə bilər. Müraciət öhdəlik yaratmır; İcraçının əməkdaşı Sifarişçi ilə əlaqə saxlayır. Yerləşdirmə yalnız tərəflərin ayrıca razılaşmasından və Sifarişçinin razılığı alındıqdan sonra həyata keçirilir.

4A.3. Yerləşdirmənin günləri və auditoriyası (bütün ölkə, şəhər və ya Məkanın ətrafı) razılaşmada göstərilir. Bir gündə bir ərazidə yalnız bir açılış reklamı yerləşdirilir.

4A.4. «Max» paketinə hər ödəniş dövründə 1 (bir) gün açılış reklamı daxildir: bu gün yerləşdirmə təsdiqləndikdə istifadə olunur, ödəniş tutulmur, növbəti dövrə keçmir (3.5); yerləşdirmə qaydaları (ərazi və gün) eynidir.

4A.5. İcraçı göstərilmələrin sayına zəmanət vermir. Reklam istifadəçiyə gündə ən çox bir dəfə, yalnız Platformanın yeni açılışında (və ya uzun fasilədən sonra) göstərilir; istifadəçi onu bir neçə saniyədən sonra keçə bilər. Bildirişdən və ya linkdən açılışda reklam göstərilmir.

4A.6. Məkanın açılış reklamı Məkanın profilində adi post kimi paylaşılır: istifadəçilər onu bəyənə, şərh yaza və paylaşa bilər. Reklam günləri bitdikdən sonra «Sponsor» nişanı götürülür, post profildə qalır; Sifarişçi onu digər postları kimi silə bilər.

4A.7. Video şaquli olmalıdır; İcraçı videonu Platforma üçün yenidən kodlaşdırır və yer məlumatını (metaməlumatı) silir. Sifarişçi videonun, səsin, loqonun və mətnin bütün hüquqlarına malik olduğunu təsdiq edir. Qanunsuz, aldadıcı, təhqiredici, uşaqlar üçün zərərli məzmun, tütün, alkoqol (qanunun icazə verdiyi hallar istisna olmaqla), qumar, dərman, siyasi təşviqat və başqasının əmtəə nişanından icazəsiz istifadə qadağandır.

4A.8. İcraçı reklamı yerləşdirmədən əvvəl yoxlayır və səbəb göstərməklə rədd edə bilər. Qaydalar pozulduqda, şikayət əsasında və ya texniki səbəbdən İcraçı reklamı istənilən vaxt dayandıra bilər. Göstərilməyən günlər üzrə hesablaşma ayrıca razılaşmaya əsasən aparılır.

4A.9. Sifarişçiyə yalnız ümumiləşdirilmiş statistika verilir: göstərilmə, tam baxış, «Keç» və toxunuş sayları (gün üzrə). İstifadəçilərin şəxsi məlumatları ötürülmür.

4A.10. Reklamın məzmununa görə məsuliyyəti Sifarişçi daşıyır (7.5).

5. PinBox VƏ VASİTƏÇİLİK MÜNASİBƏTİ

5.1. PinBox modulu Platforma istifadəçilərinə Məkandan məhsul və ya xidmət paketi almaq imkanı verir; ödəniş Platforma vasitəsilə həyata keçirilir. PinBox elanlarının sayı paketə görə müəyyən edilir (3.4-cü bənd; «Paketləri müqayisə et» ekranı) və yerləşdirmə haqqı tutulmur — İcraçının bu modul üzrə gəliri yalnız 5.3-də göstərilən komissiyadan ibarətdir.

5.2. İcraçı PinBox üzrə ödənişləri Məkanın adından və hesabına, vasitəçi qismində qəbul edir. Qəbul edilmiş məbləğ İcraçının gəliri deyil; İcraçının bu modul üzrə gəliri yalnız komissiyadan ibarətdir.

5.3. İstifadəçinin ödədiyi brüt məbləğin 15 %-i İcraçının komissiyası, 85 %-i Məkana çatacaq hissədir. Komissiya brüt məbləğdən, ödəniş sisteminin komissiyası çıxılmadan hesablanır.

5.4. Məkana çatacaq hissə Sifarişçinin göstərdiyi bank hesabına hər ayın sonuncu iş günü köçürülür. Köçürməyə həmin ayın sonuna qədər tamamlanmış və geri qaytarma tələbi irəli sürülməmiş əməliyyatlar daxil edilir.

5.5. PinBox üzrə hesabat (satış sayı, brüt məbləğ, komissiya, köçürüləcək məbləğ) idarəetmə panelində əlçatandır.

5.6. PinBox vasitəsilə satılan məhsul və ya xidmətin keyfiyyəti, tərkibi, təhvil verilməsi və istifadəçi qarşısındakı bütün öhdəliklər Sifarişçiyə aiddir. İcraçı satıcı deyil.

5.7. İstifadəçi qanunvericiliyə uyğun geri qaytarma tələb edərsə, məbləğ Sifarişçinin payından tutulur; həmin əməliyyat üzrə İcraçının komissiyası da geri qaytarılır.

5.8. Təhvil pəncərəsi və təhvil alınmaması. Hər PinBox elanında Sifarişçinin təyin etdiyi təhvil pəncərəsi (başlanğıc və bitmə vaxtı) göstərilir. İstifadəçi ödənişdən əvvəl həmin pəncərəni və aşağıdakı şərti Platformada görür.

5.9. İstifadəçi təhvil pəncərəsi ərzində məhsulu təhvil almazsa, sifariş «təhvil alınmadı» statusuna keçir və ödənilmiş məbləğ geri qaytarılmır. Məsuliyyət istifadəçinin üzərindədir.

5.10. Belə sifariş üzrə 5.3-cü bənddə göstərilən bölgü dəyişmir: Sifarişçinin payı ona çatır, İcraçının komissiyası saxlanılır. Sifarişçi məhsulu öz mülahizəsi ilə yenidən satışa çıxara bilər.

5.11. Təhvil pəncərəsi ərzində Sifarişçinin məhsulu təqdim etməməsi (məhsulun olmaması, məkanın bağlı olması və s.) 5.9-cu bəndə aid deyil — bu halda məsuliyyət Sifarişçinin üzərindədir və istifadəçinin tələbi 5.7-ci bənd üzrə həll edilir.

6. START DÖVRÜ (PULSUZ AY)

6.1. İcraçı Platformada müəyyən etdiyi müddət ərzində (bundan sonra — Start dövrü) Platformaya profil göndərən hər Məkana xidməti 30 (otuz) təqvim günü pulsuz göstərir (bundan sonra — Pulsuz ay). Start dövrünün müddəti 60 (altmış) təqvim günüdür. İcraçı onu uzada, qısalda və ya vaxtından əvvəl bağlaya bilər; bu, artıq başlamış Pulsuz aylara təsir etmir. Start dövrünün son günü profil göndərən Məkan da tam 30 gün alır. Start dövründən sonra profil göndərən Məkan üçün abunə haqqı ilk gündən ödənilir.

6.2. Pulsuz ay Məkanın profili Platformaya göndərildiyi gün başlayır (moderasiya müddəti daxil olmaqla) və 31-ci gün saat 00:00-da (Bakı vaxtı) bitir. Moderasiyada rədd edilən Məkana Pulsuz ayın istifadə edilməmiş hissəsi üçün kompensasiya verilmir. Moderasiyada rədd edilib sonradan yenidən göndərilən Məkanın Pulsuz ayı ilk göndəriş günündən hesablanır.

6.3. Pulsuz ay ərzində ödəniş məlumatı tələb olunmur. Pulsuz ayda Məkan «Pro» paketinin imkanları və limitləri ilə yerləşdirilir; paketə daxil olan önə çəkmə Pulsuz aya daxil deyil. Önə çəkmə (4.4) və Premium məkan (4.5) Pulsuz ayda ödənişlidir.

6.4. Pulsuz ay İcraçının öz təklifidir; App Store və ya Google Play-in avtomatik yenilənən sınaq abunəliyi deyil. Pulsuz ay bitdikdə Sifarişçidən avtomatik heç bir məbləğ tutulmur. iOS-da Pulsuz ay App Store-da qiyməti 0 olan məhsulun təsdiqi ilə aktivləşir; bunun üçün heç bir məbləğ tutulmur. Təsdiq edilənədək Məkan Platforma istifadəçilərinə göstərilmir; Pulsuz ay yenə də 6.2-ci bəndə uyğun olaraq göndəriş günündən hesablanır.

6.5. Pulsuz ay bitəndə Sifarişçi istənilən paketi seçə bilər. Sifarişçi Pulsuz ay ərzində paketi əvvəlcədən ödəyə bilər. Bu halda Pulsuz ayın qalan günləri itmir — ödənilmiş 30 günlük dövr Pulsuz ay bitdikdən sonra başlayır.

6.6. İcraçı Pulsuz ayın bitməsinə 7 (yeddi), 3 (üç) və 1 (bir) gün qalmış Sifarişçini Platformanın bildiriş sistemi və hesabına bağlı e-poçt ünvanı vasitəsilə xəbərdar edir.

6.7. Pulsuz ay bitənədək abunə haqqı ödənilmədikdə Məkan və onun elanları Pulsuz ayın bitdiyi andan Platforma istifadəçilərinə göstərilmir; yeni kampaniya, tədbir və PinBox satışı dayanır. Bu hala 4.9-cu bənddəki güzəşt müddəti şamil edilmir. Artıq ödənilmiş PinBox sifarişləri təhvil verilə bilər. Ödəniş edildikdən sonra Məkan dərhal yenidən göstərilir. Pulsuz ay bitdikdən sonra gecikmiş ödəniş edildikdə ödənilmiş 30 günlük dövr ödəniş günündən başlayır.

6.8. Pulsuz ay hər obyekt üçün bir dəfə verilir. Pulsuz ayı yenidən əldə etmək məqsədilə edilən təkrar qeydiyyat (eyni Sifarişçinin, eyni obyektin — o cümlədən başqa hesabdan — və ya əvvəl Pulsuz ay almış, sonradan silinmiş obyektin yenidən qeydiyyatı) aşkar edildikdə İcraçı Pulsuz ayı ləğv edə bilər. Bu halda Sifarişçiyə Platformanın bildiriş sistemi və e-poçt vasitəsilə bildiriş göndərilir və abunə haqqını ödəmək üçün 3 (üç) təqvim günü verilir; həmin müddətdə ödəniş edilmədikdə 6.7-ci bənd tətbiq olunur. Sifarişçi abunə haqqını artıq əvvəlcədən ödəmişdirsə, ödənilmiş dövr ləğv anından başlayır.

6.9. Eyni Sifarişçiyə məxsus, eyni filial şəbəkəsinə daxil olan (4.1.1) və şəbəkənin digər Məkanlarından 100 (yüz) metrdən uzaqda yerləşən Məkan təkrar qeydiyyat sayılmır və öz Pulsuz ayını alır.

6.10. Bu ofertanın 3.1 versiyasında nəzərdə tutulmuş «Təsisçi (startap) promosu» ləğv edilir.

7. MƏZMUN TƏLƏBLƏRİ VƏ MODERASİYA

7.1. Yerləşdirilən bütün məzmun Azərbaycan Respublikasının qanunvericiliyinə, reklam haqqında qanunvericiliyə və İcma Qaydalarına uyğun olmalıdır.

7.2. Qadağandır: yalan və ya çaşdırıcı məlumat; mövcud olmayan endirim və kampaniyalar; üçüncü şəxslərin əqli mülkiyyət hüquqlarını pozan materiallar; təhqiredici, diskriminasiya xarakterli, zorakılıq və ya pornoqrafik məzmun; qanunla dövriyyəsi məhdudlaşdırılan malların reklamı; başqasına məxsus obyektin adından qeydiyyat.

7.3. Hər profil və kampaniya dərcdən əvvəl moderasiyadan keçir. İcraçı: (a) təsdiq edir; (b) səbəbi göstərilməklə düzəlişə qaytarır; (c) kobud pozuntu halında rədd edir.

7.3.1. Tədbirlər üçün moderasiya fərqlidir. Məkanın ilk 3 (üç) tədbiri dərcdən əvvəl moderasiyadan keçir. Məkan 3 tədbir yayımladıqdan sonra sonrakı tədbirləri moderasiya gözləmədən dərhal yayımlanır. Bu qayda tədbirin vaxta bağlı olması ilə əlaqədardır.

7.3.2. Moderasiyada olan tədbir öz başlama vaxtına qədər təsdiqlənməzsə, yayımlanmır və avtomatik olaraq rədd edilmiş sayılır; Sifarişçiyə bildiriş göndərilir. Belə halda tədbir yenidən yaradıla bilər və dövrün limitini tutmur.

7.3.3. İcraçı Sifarişçinin tədbir statusunu geri ala bilər — bu halda Məkanın növbəti 3 tədbiri yenidən moderasiyadan keçir. Bu, yalnız məzmun tələblərinin tədbirlər üzrə pozulması halında tətbiq edilir.

7.4. Düzəlişə qaytarılmış material bildiriş tarixindən 7 (yeddi) təqvim günü ərzində əlavə ödənişsiz yenidən təqdim edilə bilər; həmin müddətdə təqdim edilmədikdə avtomatik rədd olunur.

7.5. Məzmuna görə tam məsuliyyət Sifarişçiyə aiddir. Üçüncü şəxslərin iddiaları halında Sifarişçi İcraçının xərclərini və zərərini ödəyir.

7.6. Sifarişçi elan etdiyi kampaniya, tədbir və PinBox təkliflərini elan olunmuş şərtlərlə və müddət ərzində real şəkildə icra etməyi öhdəsinə götürür.

8. ÖDƏNİŞİN GERİ QAYTARILMASI

8.1. Material moderasiyada tam rədd edildikdə ödəniş tam həcmdə geri qaytarılır (3–14 iş günü).

8.2. Material düzəlişə qaytarıldıqda ödəniş qüvvədə qalır və 7.4-cü bənddəki müddət ərzində istifadə olunur.

8.3. Aktivləşdirilmiş və faktiki göstərilmiş xidmət dövrü üçün ödəniş, Sifarişçinin öz təşəbbüsü ilə imtinası halında geri qaytarılmır; xidmət ödənilmiş dövrün sonunadək davam edir.

8.4. Kart ödənişləri ödəniş xidməti üzərindən aparılır. Geri qaytarma İcraçı tərəfindən başladılır, vəsaitin karta çatması isə bankın və ödəniş provayderinin işləmə müddətindən asılıdır. App Store ilə edilmiş ödənişi İcraçı geri qaytara bilmir: elan rədd edilərsə, ödənilmiş məbləğ Sifarişçinin Platformadakı biznes balansına kredit kimi yazılır və növbəti biznes ödənişində avtomatik istifadə olunur.

8A. ÖDƏNİŞİN GECİKMƏSİ VƏ XİDMƏTİN DAYANDIRILMASI

8A.1. Abunə haqqı 4.9-cu bənddə göstərilən müddət ərzində ödənilmədikdə Məkanın statusu dayandırılır.

8A.2. Dayandırılmış müddət ərzində: Məkan və onun elanları Platforma istifadəçilərinə göstərilmir; yeni kampaniya, tədbir və PinBox yaradıla bilmir.

8A.3. Dövrün istifadə edilməmiş kampaniya və tədbir limitləri və paketə daxil olan xidmətlər dondurulur — dayandırılmış müddət ərzində nə istifadə edilə bilər, nə də yenilənir. Limit yalnız növbəti dövrün ödənişi edildikdə yenilənir.

8A.4. Ödəniş edildikdən sonra Məkan bərpa olunur və yeni dövrün limitləri açılır. Dayandırılmış müddət üçün haqq yenidən hesablanmır (4.9).

8A.5. İcraçının texniki nasazlığı üzündən profil ardıcıl 72 saatdan artıq əlçatmaz olarsa, tələb əsasında mütənasib məbləğ növbəti dövrə kompensasiya edilir.

9. FƏRDİ MƏLUMATLAR VƏ MƏXFİLİK

9.1. Tərəflər "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununa əməl edirlər.

9.2. Sifarişçi Platforma vasitəsilə əldə etdiyi istifadəçi məlumatlarını (növbə (sıraya yazılma) və PinBox üzrə ad və əlaqə məlumatları) yalnız müvafiq sorğunun icrası üçün istifadə edir, üçüncü şəxslərə ötürmür və marketinq məqsədilə istifadə etmir. Bu öhdəlik Sifarişçinin 1.7-ci bəndə uyğun dəvət etdiyi işçilərə də şamil olunur; həmin şəxslərin əməllərinə görə məsuliyyət Sifarişçiyə aiddir.

9.3. Kommersiya sirri təşkil edən məlumatlar məxfi saxlanılır və xitamdan sonra 3 (üç) il müddətində açıqlanmır.

9.4. 6.8-ci bəndin icrası üçün İcraçı Məkanın adını, yerləşdiyi koordinatları, Sifarişçinin Platformadakı hesab identifikatorunu, habelə Məkanın və Sifarişçinin əlaqə məlumatlarının (telefon, sosial şəbəkə hesabları, e-poçt) geri çevrilməz kriptoqrafik həzmini (hash) Məkan silindikdən sonra ən çoxu 3 (üç) il saxlaya bilər. Bu məlumat yalnız təkrar qeydiyyatın aşkarlanması üçün istifadə olunur və üçüncü şəxslərə ötürülmür.

9.5. İcraçının əməkdaşları xidmətin göstərilməsi, Pulsuz ay və abunə ilə bağlı məsələlər üzrə Sifarişçi ilə göstərilmiş telefon və e-poçt vasitəsilə əlaqə saxlaya bilər.

10. MƏSULİYYƏT

10.1. Öhdəliklərin icra edilməməsinə görə tərəflər Mülki Məcəlləyə uyğun məsuliyyət daşıyırlar.

10.2. Ödəniş gecikdirildikdə İcraçı hər gün üçün ödənilməmiş məbləğin 0,1 %-i, ümumilikdə 10 %-dən çox olmamaqla dəbbə pulu tələb edə bilər.

10.3. İcraçının ümumi maddi məsuliyyəti Sifarişçinin son 3 (üç) ayda faktiki ödədiyi abunə məbləğindən artıq ola bilməz.

10.4. İcraçı dolayı zərərə, əldən çıxmış faydaya, itirilmiş müştəri və ya reputasiya zərərinə görə məsuliyyət daşımır.

10.5. Sifarişçi ilə Platforma istifadəçisi arasındakı mübahisələrdə (xidmətin keyfiyyəti, kampaniya və tədbir şərtlərinin icrası, PinBox məhsulu, növbə) İcraçı tərəf deyil.

11. FORS-MAJOR

11.1. Qarşısıalınmaz qüvvə halları (təbii fəlakət, hərbi əməliyyat, epidemiya, dövlət orqanlarının aktları, internet infrastrukturunun və ya bulud xidmətlərinin kütləvi sıradan çıxması) məsuliyyətdən azad edir.

11.2. Belə hallarda tərəf 5 (beş) iş günü ərzində digərini məlumatlandırır. 60 təqvim günündən artıq davam edərsə, hər tərəf xitam verə bilər.

12. MÜDDƏT VƏ XİTAM

12.1. Müqavilə aksept anından qüvvəyə minir və 12 (on iki) ay müddətində qüvvədədir; xitam bildirişi verilmədikdə eyni müddətə avtomatik uzadılır.

12.2. Hər tərəf 30 (otuz) təqvim günü əvvəlcədən bildirişlə xitam verə bilər; ödənilmiş dövr sona çatanadək xidmət davam edir.

12.3. İcraçı dərhal xitam verə bilər: (a) 7.2-ci bəndin kobud və ya təkrar pozulması; (b) ödənişin 30 təqvim günündən artıq gecikdirilməsi; (c) fəaliyyətin qanunla qadağan edilməsi və ya obyektin bağlanması; (d) 1.4-cü bənddəki zəmanətin düzgün olmaması.

12.4. Xitamdan sonra profil silinir; məlumatlar hesabatlıq üçün qanunla müəyyən edilmiş müddətdə saxlanılır. PinBox üzrə Sifarişçiyə çatacaq məbləğlər 10 (on) iş günü ərzində köçürülür.

13. OFERTANIN DƏYİŞDİRİLMƏSİ

13.1. İcraçı ofertanın şərtlərini dəyişmək hüququna malikdir. Dəyişikliklər Platformada dərc olunur və dərc tarixindən 30 (otuz) təqvim günü sonra qüvvəyə minir.

13.2. Dəyişikliklər barədə Sifarişçiyə Platformanın bildiriş sistemi və e-poçt vasitəsilə məlumat verilir.

13.3. Sifarişçi yeni şərtlərlə razılaşmadıqda 12.2-ci bəndə uyğun xitam verə bilər. Qüvvəyə minmə tarixindən sonra xidmətdən istifadənin davam etdirilməsi yeni şərtlərin qəbulu sayılır.

13.4. Ofertanın yeni versiyası Platformada ödənişdən əvvəl Sifarişçiyə təqdim olunur; Sifarişçi onu növbəti ödəniş zamanı təsdiq edir. Təsdiq tarixi və versiya 1.3-cü bəndə uyğun qeydə alınır.

14. MÜBAHİSƏLƏRİN HƏLLİ VƏ ƏLAQƏ

14.1. Mübahisələr ilk növbədə danışıqlar yolu ilə həll edilir; pretenziyaya cavab müddəti 15 (on beş) iş günüdür.

14.2. Razılıq əldə edilmədikdə mübahisələrə Bakı şəhərinin müvafiq məhkəməsində, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun baxılır.

14.3. İcraçının rekvizitləri:
"PEAKPİN" Məhdud Məsuliyyətli Cəmiyyəti
Hüquqi ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, AZ1093
VÖEN: 1204074391
Vergi rejimi: sadələşdirilmiş (2 %)
E-poçt: ceo@peakpin.app
Veb-sayt: peakpin.app